media-17395537040030

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşdən sonra əsas müzakirə mövzularının enerji sahəsində dəstək, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Aİ-yə üzvlük danışıqlarının yeni istiqamətlərinin açılması olduğunu bildirib.

ERAmedia xəbər verir ki, Zelenski bu barədə “Facebook” hesabında yazıb.

“Razılaşdırdığımız bütün qərarların operativ şəkildə həyata keçirilməsini yüksək qiymətləndiririk. Bu gün gələcək yardımı, ilk növbədə enerji və hava hücumundan müdafiə sahələrində ehtiyaclarımızı müzakirə etdik. Həmçinin maliyyə dayanıqlığımıza, xüsusilə gələn il üçün dəstək göstərilməsi məsələsini nəzərdən keçirdik. Avropaya inteqrasiya istiqamətində görülən işlər də koordinasiya olunub. Bu həftə yeni danışıqlar istiqamətinin açılması vacib məsələdir. İlin sonunadək qalan iki istiqamət üzrə danışıqların başlanması üçün çalışırıq”, – deyə Zelenski görüşün yekunlarına dair bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, hazırda Rusiyadan müharibəni başa çatdırmağa hazır olmağa dair heç bir siqnal yoxdur. Onun sözlərinə görə, Rusiyanın verdiyi siqnallar tamamilə fərqli məzmun daşıyır və heç bir halda sülhə yaxınlaşmağa kömək etmir.


media-adspc

Bənzər xəbərlər