Azərbaycan kinosunun faciəli taleyi: İllərlə gizli qalan qətl iddiası
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev Manana Abuyevanın faciəli ölümü ilə bağlı yeni araşdırmasının nəticələrini ictimaiyyətə təqdim edib.
ERAmedia-nın məlumatına görə, Zaur Əliyev bildirib ki, 2025-ci ilin 11 fevralında istedadlı aktrisa Manana Abuyevanın həyatı və ölümü haqqında paylaşdığı yazı geniş maraq doğurub. Onun sözlərinə görə, daha sonra mövzunu daha dərindən araşdırmağa başlayıb və bir aydan artıq müddətdə arxiv sənədlərini, dövrün qəzetlərini və müxtəlif mənbələri öyrənərək yeni material hazırlayıb.
Zaur Əliyevin sözlərinə görə, 15 mart 1944-cü ildə anadan olan Manana Abuyeva ziyalı ailəsində böyüyüb və ailəsinin dəstəyi ilə hələ 14-15 yaşlarında “Azərbaycanfilm” kinostudiyasının diqqətini cəlb edərək filmlərə çəkilməyə başlayıb. O qeyd edib ki, aktrisanın Dağıstan və ya Şimali Qafqaz mənşəli olması barədə qeydlər olsa da, ailəsi uzun illər Bakıda yaşayıb.
Araşdırma müəllifi bildirib ki, Manana Abuyeva sovet kinosunda fərqli üslubu ilə seçilib. Onun canlandırdığı Sevda, Suzanna və Xonar kimi obrazlar dövrün gəncliyini daha canlı və təbii şəkildə əks etdirib.
Zaur Əliyevin açıqlamasına əsasən, aktrisanın faciəli taleyi 1959-cu ildə rejissor Rza Təhmasibin çəkdiyi “Onu bağışlamaq olarmı?” filmi ilə əlaqələndirilir. Onun iddiasına görə, filmin çəkilişləri zamanı texniki heyətdə çalışan Valeri Avakyan adlı şəxs Manana Abuyevaya evlənmək təklifi edib, lakin rədd cavabı aldıqdan sonra onu izləməyə, psixoloji təzyiq göstərməyə və təhdid etməyə başlayıb.
Tarixçi iddia edir ki, həmin şəxs aktrisanın gündəlik hərəkət marşrutunu bildiyi üçün onu izləyib və 1961-ci ildə evə qayıdarkən avtomobillə qəsdən vurub. Əliyevin sözlərinə görə, hadisə nəticəsində ağır kəllə-beyin travması alan Manana Abuyeva xəstəxanaya çatdırılsa da, komadan ayılmayaraq vəfat edib.
Zaur Əliyev bildirib ki, araşdırdığı sənədlərə əsasən, hadisə hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi kimi deyil, qəsdən törədilmiş qətl kimi qiymətləndirilib. Onun iddiasına görə, təqsirləndirilən şəxs əvvəlcə avtomobilin əyləc sistemində nasazlıq olduğunu desə də, ekspertiza hadisənin qəsdən törədildiyi qənaətinə gəlib. Əliyev həmçinin iddia edir ki, məhkəmədə həmin şəxs “O, mənim olmalı idi” ifadəsini işlədib və daha sonra Rusiyanın şimalındakı qapalı düşərgələrdən birinə göndərilib.
Tarixçi əlavə edib ki, “Kommunist”, “Bakı”, “Bakinski raboçi” və “Pravda” qəzetlərində hadisə barədə məlumatlar dərc olunsa da, cinayətdə təqsirləndirilən şəxsin adı göstərilməyib. Onun fikrincə, bunun səbəbi sovet dövründə “xalqlar dostluğu” ideologiyası çərçivəsində milli mənsubiyyətlə bağlı məlumatların ictimaiyyətə açıqlanmaması olub.
Zaur Əliyev onu da qeyd edib ki, Manana Abuyevanın çəkildiyi “Gün çıxmazdan əvvəl” qısametrajlı filmi də bu faciədən sonra kölgədə qalıb və geniş auditoriyaya təqdim edilməyib.










