Əmək münasibətlərində hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?
Əmək qanunvericiliyi əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, mənşəyinə, yaşına, ailə vəziyyətinə və vəzifələrinə, əqidəsinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsini qadağan edir.
Bu barədə ERAmedia -ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. İşəgötürənlər cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmalı, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməlidir. Həmçinin eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməməli, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.
Müəyyən edilmiş hallar istisna olmaqla əlilliyi olan şəxslə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyənləşdirilməsi isə ayrı-seçkilik hesab olunmur.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.










