Çar məmurunun sürgün etdiyi Cəmo bəy - Asif Rüstəmli yazır...
Görkəmli maarif xadimi, əməkdar müəllim, peşəkar publisist, yazıçı, istedadlı şair, dramaturq, tərcüməçi, fədakar elm adamı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy Cəbrayılbəyli (27 yanvar 1887 – 30 iyul 1965) Azərbaycanda milli təhsilin təşəkkülündə və tərəqqisində müstəsna xidmətləri olan, gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük əmək sərf edən, məşhur pedaqoqlardan Mahmud bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Səməd bəy Hacıəliyev (Acalov), Pənah Qasımov, Abdulla bəy Əfəndizadə, Nurməmməd bəy Şahsuvarov və digərləri ilə ön sırada, çiyin-çiyinə ləyaqətlə dayanan təhsil üzrə təcrübəli mütəxəssis, parlaq şəxsiyyət idi. O Şamaxı ədəbi-mədəni mühitində çox mühüm rol oynayan fəal ziyalılardan biri olmuşdur. Məktəblərdə “Xonça bayramı” (Novruz bayramı) təşkil edir, əsərlər səhnələşdirir, qiraət günləri keçirirdi. Şamaxıda sevilən və doğma yurdunu sevən, gənc ziyalı, Birinci rusi-müsəlmani məktəbinin müdiri Cəmo bəy Cəbrayılbəyli də bir gün qəddarlığı ilə tanınan, yerli ziyalıları təqib və təhqir etməkdən Şamaxı qəza rəisi Jupranskinin qəzəbinə tuş gəlir.
C.Cəbrayılbəyli qəza rəisinin və çar məmurlarının yerli əhaliyə qarşı şovinist, irqçi münasibətindən açıq yazırdı: “Heç utanmadan “İdarəmiz rus idarəsidir, iş başında da mütləq ruslar olmalıdır” – deyərək, ən bacarıqlı və savadlı azərbaycanlıları təqid etməkdən çəkinmirlər və hər cür bəhanə ilə xidmətdən kənar edirdilər.
Qəza rəisinin təqib etdiyi gənc mütəxəssislərdən biri də Cəmo bəy Cəbrayılbəyli idi. Şamaxıda polis özbaşınalığı haqqında Cəmo bəy yazırdı: “Polis gəncləri ciddi surətdə təqib edirdi. “Şübhəli” görünən bəzi adamların, o cümlədən mənim Şamaxıdan sürgün edilməm haqqında məsələ qaldırdı və buna nail oldu…
Cəmo bəy qəza rəisi Jupranskinin təzyiqi və təpkiləri ilə 1914-cü ilin oktyabr ayında Şamaxı Birinci rusi-müsəlmani məktəbinin müdirliyindən azad edildi və elə həmin vaxt o doğma yurdu Şamaxı şəhərindən sürgün olundu.
Cəmo bəy Cəbrayılbəyli doğma yurdundan, isti ocağından, ev-eşiyindən sürgün olunsa da sonralar o xüsusilə yay aylarında Çuxuryurda, Pirquluya istirahətə gedər, duyğu və düşüncələrini kağıza köçürərdi. Vəfatından bir il əvvəl ötən günləri yada yalaraq Pirquluya, orada tikilib istifadəyə verilmiş Şamaxı Astrofizika Rəsədxanasına həsr etdiyi “Pirqulu” şeirini Cəmosevərlərin diqqətinə təqdim edirəm.
Asif Rüstəmli
Türkiyə, Elazığ. 15.07.2026
PİRQULU
Əzəmətli, gen qucaqlı elimin,
Tarixinin yadigarı Pirqulu.
Cənnət kimi şən bucaqlı elimin,
Ovlaqları, laləzarı Pirqulu.
Çox dastanlar yaradılmış adına,
Çox nəğmələr qoşulmuşdur oduna,
Keçmiş günlər düşər isə yadına,
Unut getsin ahu-zarı Pirqulu.
Çovğunlardan, şimşəklərdən qorxmadın,
Mökhəm durdun, işgəncəyə baxmadın,
Dilimizin əzbəridir mərd adın,
Ölkəmizin iftixarı Pirqulu.
İstədiyin gözəl zaman yetişdi,
Kainata gen sinəndən yol düşdü,
İnsan ulduzlarla səndə görüşdü,
Görürsənmi ruzigarı, Pirqulu.
Dostlaşmısan ulduz ilə, ay ilə,
Görüşməzsən bir daha ah-vay ilə,
Qoy gəlsinlər kaman ilə, nay ilə,
Bəstəkarlar sənə sarı, Pirqulu.
Gözəlləşir gündən günə Şirvanın,
Xoş gətirir bu tarixi dövranın,
Düz yollara çəkir səni sarvanın,
Yaxşı yollar! Çək qatarı, Pirqulu.
1964










