media-qezet55

Azərbaycan dilində nəşr olunan ilk qəzet olan “Əkinçi” təkcə milli mətbuatın deyil, həm də Azərbaycan cəmiyyətində maarifçilik hərəkatının əsasını qoydu.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Həsən bəy Zərdabinin böyük fədakarlıqla nəşr etdirdiyi qəzetin tirajı cəmi 300–400 nüsxə olurdu və onu əsasən maddi imkanı olan şəxslər əldə edirdilər.

Onun sözlərinə görə, qəzet satılmadıqda Həsən bəy Zərdabi nəşrləri geri qaytarmaq əvəzinə kəndlərə, mollaxanalara və bazarlara pulsuz paylayırdı ki, insanlar oxusun, maariflənsin və yeni biliklər əldə etsinlər.

Tarixçinin sözlərinə görə, “Əkinçi” ilk dəfə kəndlərə çatanda insanlar böyük təəccüb yaşayırdılar. O dövrdə ərəb əlifbası ilə yazılmış kağız yalnız Quran, dualar və dini kitablarla əlaqələndirilirdi. Buna görə də kəndlilər qəzetdə kənd təsərrüfatı, elm və gündəlik həyatla bağlı yazıları oxuyanda onu müqəddəs mətn hesab edir, öpərək gözlərinin üstünə qoyurdular.

Zaur Əliyev qeyd edib ki, Həsən bəy Zərdabi insanlara bunun dini kitab deyil, qəzet və mətbuat nümunəsi olduğunu anlatmaq üçün ciddi çətinliklərlə üzləşirdi. Hətta bəzi kəndlərdə fanatik şəxslər qəzeti insanların gözü qarşısında yandırır, cəhalətin təsiri altında onun yayılmasına mane olmağa çalışırdılar. Elə insanlar da var idi ki, qəzeti açıq şəkildə oxumağa cəsarət etmir, gecələr şam işığında gizlicə mütaliə etdikdən sonra onu gizlədirdilər.

Tarixçi vurğulayıb ki, zaman keçdikcə maarifçilik hərəkatı genişləndi, mətbuatın nüfuzu artdı və qəzetlər milli düşüncənin formalaşmasında həlledici rol oynadı. Onun sözlərinə görə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digər görkəmli şəxsiyyətlər qəzet səhifələrində mütəmadi çıxış edərək cəmiyyətin maariflənməsinə və milli ideyanın güclənməsinə xidmət etdilər.

“Bu prosesin nəticəsində Şərqin ilk parlamentli demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Məhz həmin dövrdən hər kəs gördü ki, bir “Əkinçi” ilə başlanan yol dövlət quruculuğuna qədər uzana bilər. Əgər əvvəllər dövlətlər qılıncla qurulurdusa, artıq qələmin də dövlət yaradan gücə malik olduğu bütün dünyaya sübut olundu”, – deyə Zaur Əliyev bildirib.

Tarixçi sonda qeyd edib ki, media bu gün də cəmiyyətin ən böyük güclərindən biridir. Onun fikrincə, 22 İyul tarixi Azərbaycan mətbuatının çətin, lakin şərəfli yolunun başlanğıcı kimi qiymətləndirilməli, bu ənənə gələcəkdə də yaşadılmalı və müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı fonunda peşəkar jurnalistikanın rolu qorunub saxlanılmalıdır.


media-adspc

Bənzər xəbərlər