media-xerite

Rusiya–Ukrayna müharibəsi, Körfəz regionunda baş verən toqquşmalar və Çinin “Bir kəmər, bir yol” layihəsi Cənubi Qafqazın, eləcə də Xəzər hövzəsinin geostrateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Hərbi ekspert Səxavət Məmməd ERAmedia-ya açıqlamasında bildirib ki, regionun “Orta Dəhliz” və “Şimal–Cənub” kimi qlobal nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə və mühüm logistika mərkəzinə çevrilmək potensialı yüksəkdir.

Onun sözlərinə görə, dövlətlər yaranmış yeni geosiyasi reallıqdan maksimum faydalanmağa çalışsalar da, bəzən uzunmüddətli strateji hədəflərdən daha çox, sürətlə dəyişən beynəlxalq konyunkturaya uyğun operativ addımlar atırlar.

“Hazırda kiçik dövlətlərin uzunmüddətli strateji hədəflər müəyyənləşdirməsi və həmin hədəflərə çatmaq üçün iradə nümayiş etdirməsi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəbdir. Səbəb odur ki, böyük dövlətlər artıq əvvəlki kimi dözümlü deyil və kiçik dövlətlərin nazı ilə oynamaq üçün əvvəlki səbrə malik deyillər. Hər kəs qlobal siyasi-iqtisadi tortdan daha böyük pay götürmək üçün yarışır”, – ekspert qeyd edib.

Səxavət Məmməd Azərbaycanın bu rəqabətdə kifayət qədər əlverişli mövqeyə malik olduğunu düşünür. O bildirib ki, Bakı bir tərəfdən Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı dərinləşdirməli, digər tərəfdən isə İran və Rusiya ilə münasibətlərini sabit və mehriban qonşuluq prinsipləri əsasında qoruyub saxlamalıdır.

“Azərbaycan həm İran, həm də Rusiya ilə münasibətlərini sabit, mehriban qonşuluq müstəvisində saxlamalıdır. Bakı İrana Hind okeanına açılan qapı kimi, Rusiyaya isə böyük bazar kimi baxmalıdır. Azərbaycan özünü Şərqlə Qərb arasında körpü kimi görürsə, praktiki siyasətini də buna uyğun qurmalıdır. Bu, hər hansı kənar təhdid qarşısında boyun əymək anlamına gəlmir. Əksinə, əsas məsələ milli maraqları qorumaq və yaranmış geosiyasi fürsətlərdən maksimum istifadə etməkdir”, – Səxavət Məmməd vurğulayıb.

Ekspert hesab edir ki, hazırkı proseslər region üçün müəyyən risklər də yaradır. Onun fikrincə, Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarət və ya idarəçiliyin ABŞ-yə verilməsi istiqamətində mümkün addımları Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər.

Səxavət Məmməd ABŞ-nin İranla bağlı siyasəti və Rusiya–Ukrayna müharibəsinin yaratdığı reallıqların da nəzərə alınmasının vacibliyini bildirib.

“Vaşinqtonun İrana yönəlik addımları və hazırkı qlobal mənzərə göstərir ki, ABŞ öz strateji maraqlarını tam şəkildə reallaşdırmaqda ciddi məhdudiyyətlərlə üzləşir. Eyni zamanda Rusiya–Ukrayna müharibəsi də Moskvanın hələ də böyük hərbi-siyasi resurslara malik olduğunu göstərir. Bu reallıqları nəzərə almadan həmin güclərdən birinə qarşı açıq cəbhə formalaşdırmaq və ya kəskin mövqe tutmaq ciddi fəsadlara səbəb ola bilər”, – deyə o bildirib.

Hərbi ekspert Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son təmaslarının da regional proseslər baxımından diqqətçəkən olduğunu qeyd edib. Onun sözlərinə görə, Qərb blokuna qarşı geoiqtisadi balans formalaşdıran alternativ platformaların güclənməsi dövlətlərin xarici siyasətində daha ehtiyatlı davranmasını zəruri edir.

Səxavət Məmməd Ermənistanın Rusiya ilə münasibətlərində yaranan gərginliyə də toxunub. O hesab edir ki, İrəvanın Moskva ilə polemikası bəzi dairələr tərəfindən uğur kimi qiymətləndirilsə də, Rusiya tərəfinin verdiyi mesajlara daha ciddi yanaşmaq lazımdır.

“Putinin açıqlamalarında Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun, o cümlədən hərbi bazaların gələcək taleyinin İrəvanın qərarlarından asılı olduğu mesajı kifayət qədər açıq şəkildə səsləndirilib. Hətta Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı qərar qəbul edə biləcəyi də bildirilib. Bu, Moskvanın İrəvana münasibətdə əvvəlki ritorikadan daha sərt mövqeyə keçə biləcəyinə işarə kimi qiymətləndirilə bilər”, – ekspert deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada müharibə aparması Moskvanın digər istiqamətlərdə təsir imkanlarının tamamilə tükəndiyi anlamına gəlmir.

“Bəziləri deyə bilər ki, Rusiyanın bütün diqqəti Ukraynaya yönəlib və buna görə də Ermənistan istiqamətində hər hansı ciddi addım ata bilməz. Amma bir dövlətin digərinə təsir göstərməsi üçün mütləq quru qoşunlarından istifadə etməsi vacib deyil. Müasir müharibələrdə pilotsuz uçuş aparatları, uzaqmənzilli silahlar, elektron mübarizə və digər vasitələr mühüm rol oynayır. Ermənistanın coğrafi dərinliyinin məhdud olması da ayrıca faktordur”, – Səxavət Məmməd bildirib.

Ekspert BMT-nin qlobal böhranların həllində təsir imkanlarının zəifləməsi fonunda alternativ beynəlxalq platformaların önə çıxmasını da diqqətəlayiq hesab edir. Onun sözlərinə görə, Mərkəzi Asiya uğrunda gedən nüfuz mübarizəsində Hindistanın rolunun artması regionun geosiyasi mənzərəsinə əlavə dinamika gətirir.

Səxavət Məmməd Azərbaycanın əsas strateji tərəfdaşlarından biri olan Pakistanla Ermənistanın tərəfdaşı Hindistan arasındakı yanaşmaların fərqli olduğunu qeyd edib.

“Hindistan sürətlə böyüyən iqtisadiyyat kimi müttəfiq olduğu ölkələrə və maraq dairəsində olan regionlara kapital və investisiya yatırmaq imkanına malikdir. Pakistanın yanaşması isə daha çox resurs gözləyən dövlət modelini xatırladır. Bu baxımdan Hindistanın Mərkəzi Asiyada, xüsusilə Özbəkistanda həyata keçirdiyi layihələr və insan kapitalına yatırımları diqqət çəkir”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, Hindistan Ermənistanla münasibətlərində də hərbi-texniki əməkdaşlıqla yanaşı, uzunmüddətli tərəfdaşlıq modelini inkişaf etdirir. Hindistan tərəfindən Ermənistanın “Pinaka” yaylım atəşli raket sistemləri, “ATAGS” artilleriya sistemləri və digər müdafiə vasitələri ilə təmin olunması, eləcə də birgə hərbi sənaye istehsalı istiqamətində əməkdaşlıq perspektivləri regiondakı güc balansına təsir göstərə bilər.

“Böyük dövlətlərlə müttəfiqlik qarşılıqlı dəyər yaratmaq üzərində qurulmalıdır. Sadəcə siyasi bəyanatlar və şüarlar uzunmüddətli tərəfdaşlıq üçün kifayət deyil”, – Səxavət Məmməd deyib.

Hərbi ekspert hesab edir ki, dünyada geosiyasi gərginlik hələ pik həddinə çatmayıb və eskalasiya mərhələsi davam edir.

“Bu, hərbi münaqişələrin coğrafiyasının genişlənməsi və müharibələrə cəlb olunan ölkələrin sayının artması riskinin qalması deməkdir”, – o bildirib.

Səxavət Məmmədin fikrincə, Cənubi Qafqazda sülhün və ya yeni qarşıdurmanın taleyini yalnız region ölkələrinin iradəsi müəyyənləşdirməyəcək.

“Cənubi Qafqazda sülhün və ya müharibənin taleyi nə Azərbaycandan, nə Ermənistandan, nə də Gürcüstandan tam şəkildə asılıdır. Regionda maraqları toqquşan böyük güclər arasında uzlaşma əldə olunarsa, sülh üçün daha əlverişli şərait yaranacaq. Əks halda, böyük güclər arasında geosiyasi sövdələşmə baş tutmasa, region yeni xaos dalğası ilə üzləşə bilər”, – hərbi ekspert fikirlərini yekunlaşdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər