media-whatsapp-image-2026-07-20-at-09-52-33

media-whatsapp-image-2026-07-20-at-09-52-41

Tarix Şah İsmayıl Xətaini təkcə qılıncı ilə imperiyalar quran sərkərdə kimi deyil, həm də qələmi ilə zəngin mənəvi irs yaradan sənətkar kimi yadda saxlayıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Şah İsmayılın öz dəsti-xətti ilə yazdığı və sonuna “İsmayıl b. Heydər” imzasını qoyduğu unikal əlyazma bu günədək qorunub saxlanılan ən qiymətli Səfəvi irsi nümunələrindən biridir.

Onun sözlərinə görə, dünyada Şah İsmayılın öz əli ilə yazıldığı məlum olan yeganə əlyazma Almaniyanın Bavariya Dövlət Kitabxanasının Şərq əlyazmaları fondunda Cod.pers. 431 kataloq nömrəsi ilə mühafizə olunur və rəqəmsal formatda da tədqiqatçılar üçün açıqdır.

Zaur Əliyev qeyd edib ki, “Miʾat Kalima” (“Həzrəti Əlinin yüz kəlamı”) adlanan bu əsər 1514-cü ildə tərtib edilib. Əlyazmanın sonunda onu köçürənin adı “İsmayıl b. Heydər əl-Hüseyni” kimi qeyd olunub ki, bu da əsərin birbaşa Şah İsmayıla aid olduğunu göstərən mühüm dəlillərdəndir.

Tarixçi vurğulayıb ki, söhbət mətbəə nəşrindən deyil, hər bir səhifəsi əllə yazılmış, nəfis şəkildə bəzədilmiş və tək nüsxədən ibarət sənət əsərindən gedir. Əlyazma nəsx, sülüs və nəstəliq xəttləri ilə qələmə alınıb.

Onun sözlərinə görə, kitabın kataloq təsvirlərində və tarixi qeydlərində fransız və latın dillərində Şah İsmayılın müəllifliyi və xəttatlığı barədə məlumatlar yer alır. Əlyazma müxtəlif kataloqlarda “Kalligraphie von Shah Ismail I” (“Şah İsmayıl I-in xəttatlığı”) adı ilə təqdim edilir.

Zaur Əliyev bildirib ki, kitabxananın təsvirlərində əlyazmanın müxtəlif vərəqlərində, o cümlədən 7-ci vərəqdə Şah İsmayılın öz əli ilə yaratdığı nəfis kalliqrafiya nümunələrinin mövcudluğu xüsusi vurğulanır.

Tarixçinin sözlərinə görə, Səfəvilər dövrü və İslam tarixi üzrə tanınmış yapon tarixçisi, şərqşünas professor Tomoko Morikava da əlyazmanın mikrofilmləri və rəqəmsal surətləri üzərində apardığı elmi araşdırmalar nəticəsində həm imzanın, həm də xəttin birbaşa Səfəvi hökmdarı I Şah İsmayıla məxsus olduğunu təsdiqləyib.

Zaur Əliyev qeyd edib ki, ərəb və fars əlifbası ilə yazılmış “Əlinin yüz kəlamı” yalnız aforizmlər toplusu deyil. Əsərdə hər bir kəlamın altında klassik fars poeziyasının rübai və məsnəvi formalarında poetik tərcümə və şərhlər də yer alır.

Tarixçi bildirib ki, tarixi mənbələrə görə, Çaldıran döyüşündən sonra Osmanlı əsgərləri Şah İsmayılın sarayını talayarkən bu nadir əlyazmanı da İstanbula aparıblar. Sonrakı dövrdə kitab Almaniyadan olan səyyah-tacirlərə satılıb, daha sonra Bavariyaya gətirilib, uzun müddət Vittelsbax sülaləsinin kolleksiyasında saxlanıldıqdan sonra 1803-cü ildə Bavariya Dövlət Kitabxanasına hədiyyə edilib.

Zaur Əliyevin sözlərinə görə, Avropa mənbələrində Şah İsmayıl Səfəvi türklərinin hökmdarı kimi təqdim olunur və bu əlyazma da kitabxana fondlarında türk hökmdarının əsəri kimi qeydə alınıb.

Tarixçi əlavə edib ki, hazırda əlyazma Münhendə Bavariya Dövlət Kitabxanasının xüsusi mühafizə olunan, temperatur və rütubət rejimi nəzarətdə saxlanılan seyflərində qorunur. Bununla yanaşı, kitabın rəqəmsal nüsxəsi vasitəsilə tədqiqatçılar və maraqlanan oxucular onu onlayn şəkildə də öyrənə bilirlər.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər