Əhvalı ən çox yaxşılaşdıran üsul məlum oldu
10 mindən çox insanın iştirakı ilə 34 ölkədə aparılan araşdırma göstərib ki, təşəkkür hissini gücləndirən praktikalar insanın emosional vəziyyətini yaxşılaşdıra, həyatdan məmnunluğunu artıra və sosial əlaqələri möhkəmləndirə bilər. Lakin bu üsulların effektivliyi konkret praktikadan və mədəni mühitdən əhəmiyyətli dərəcədə asılıdır.
ERAmedia xəbər verir ki, tədqiqatın nəticələri PNAS jurnalında dərc olunub.
Araşdırma çərçivəsində alimlər insanlarda minnətdarlıq hissi yaratmağın altı müxtəlif üsulunu sınaqdan keçiriblər. Ən effektiv üsul insanın minnətdar olduğu şəxsə bu barədə mesaj yazaraq göndərməsi olub.
Ən zəif nəticəni isə ən geniş yayılmış minnətdarlıq praktikası – insanın minnətdar olduğu beş şeyi sadalaması göstərib.
İştirakçılara həmçinin minnətdarlıq məktubu yazıb göndərməmək, Naykan metodu ilə düşünmək, əvvəlki gün baş vermiş və minnətdarlıq doğuran beş hadisəni xatırlamaq və həmin hadisələrin olmadığı bir həyatı təsəvvür etmək tapşırılıb. Bundan əlavə, iştirakçılar Tanrıya, ali qüvvəyə və ya mənəvi varlığa minnətdarlıq məktubu da yazıblar.
Tədqiqatın müəlliflərindən biri, Makkenzi Universitetinin professoru və Sosial və Affektiv Neyroelm Milli Elm və Texnologiya İnstitutunun koordinatoru Paulo Serjio Bociounun sözlərinə görə, bütün minnətdarlıq praktikaları müəyyən müsbət nəticə verib.
“Əsas ümumi nəticələrimizdən biri odur ki, təklif olunan bütün praktikalar işə yaradı”, – deyə alim bildirib.
Onun sözlərinə görə, ən güclü təsir sosial əlaqənin birbaşa prosesə cəlb edildiyi zaman müşahidə olunub. Bu baxımdan sosial münasibətlər minnətdarlığın təsirində mühüm rol oynayır.
Araşdırma göstərib ki, altı minnətdarlıq praktikasının hamısı minnətdarlıqla əlaqəsi olmayan üç nəzarət tapşırığından daha effektiv olub. Bu məşqlərdən sonra iştirakçılarda müsbət emosiyaların səviyyəsi, sosial qarşılıqlılıq hissi, həyatdan məmnunluq və optimizm artıb. Mənfi emosiyalar və paxıllıq hissi isə azalıb.
Bununla belə, nəticələr ölkələr arasında ciddi fərqlənib. Ən güclü təsir Meksikada müşahidə olunub. Norveçdə isə minnətdarlıq praktikalarının iştirakçıların emosional vəziyyətinə təsiri olduqca zəif olub. Braziliya isə orta nəticə göstərib.
Tədqiqatçılar bu fərqləri mədəni xüsusiyyətlərlə, o cümlədən cəmiyyətin sosial sərtlik və ya çeviklik səviyyəsi, hakimiyyət məsafəsi və dindarlıq dərəcəsi ilə əlaqələndirirlər.
Bəzi təsirlər isə mədəni fərqlərdən asılı olmayaraq, demək olar ki, bütün ölkələrdə müşahidə olunub. Bunlardan biri insanların müsbət emosional vəziyyətinin yüksəlməsidir.
Alimlərin fikrincə, minnətdarlığın mühüm sosial funksiyası da var. Minnətdarlıq hissi insanın başqalarına kömək etmək ehtimalını artırır. Üstəlik, bu yardımın mütləq həmin şəxsdən alınmış yaxşılığın qarşılığında olması tələb olunmur.
Bociou bunu insanlar arasında qarşılıqlı yardımlaşma “spiralı”nın yaranması ilə izah edir. Onun sözlərinə görə, insan yaxşılığın qarşılığında nəsə etmək istəyini hiss edə bilər.
“Sağ ol” ifadəsi müxtəlif cür başa düşülə bilər. Variantlardan biri odur ki, biz yaxşılığa yaxşılıqla cavab vermək, başqa bir insan üçün nəsə yaxşı etmək və ona göstərdiyi yaxşılığın qarşılığını qaytarmaq öhdəliyi hiss edirik”, – alim qeyd edib.
Tədqiqatçılar növbəti mərhələdə minnətdarlıq praktikalarının müxtəlif mədəniyyətlərə uyğunlaşdırılmasının onların effektivliyini artırıb-artırmayacağını araşdırmaq niyyətindədirlər.
“Norveçdə minnətdarlıq hissini necə yaratmaq olar? Bəs Yaponiyada?” – deyə Bociou sual edib.
Alimlər bildirirlər ki, yeni araşdırmanın əhəmiyyəti həm də onunla bağlıdır ki, minnətdarlıq mövzusunda aparılan əvvəlki tədqiqatların böyük hissəsi Qərb ölkələrində, xüsusilə ABŞ-da həyata keçirilib.
Bu sahədəki elmi araşdırmaların təxminən yarısının ABŞ alimlərinin işlərinin payına düşdüyü bildirilir. Yeni tədqiqat isə daha geniş mədəni coğrafiyanı əhatə etməklə müxtəlif ölkələrdə yaşayan insanların minnətdarlığa reaksiyalarını müqayisə etməyə imkan verib.
Vüsalə









