media-sah-ismayil-1323-900x506

Son günlər Şah İsmayıl Xətai və Səfəvilər dövləti ətrafında aparılan müzakirələr ictimai diqqətin mərkəzində qalmaqda davam edir.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva bildirib ki, zaman-zaman Şah İsmayılın şəxsiyyəti və Səfəvi xanədanlığı müxtəlif mübahisələrin və tənqidlərin mövzusu olsa da, bu dəfəki müzakirələrin günlərlə davam etməsi diqqət çəkir. Onun sözlərinə görə, tarixçi alimlər Səfəvilərlə bağlı bir çox suallara artıq elmi cavab veriblər, lakin buna baxmayaraq, mövzu ətrafında emosional və əsassız polemikalar davam edir.

Araşdırmaçı jurnalist hesab edir ki, problemin əsas səbəbi XVI əsrin hadisələrinə XXI əsrin siyasi və ictimai təsisatları prizmasından yanaşılmasıdır. O vurğulayıb ki, Azərbaycanın müasir düşüncə problemlərinin izahını Səfəvilər dövründə axtarmaq düzgün deyil və bütün mənfi hadisələrin kökünü həmin dövlətə bağlamaq tarixi gerçəkliklə uzlaşmır.

Arzu Qazıyevanın fikrincə, Səfəvilərin islam dünyasında məzhəb parçalanmasına səbəb olması barədə iddialar da tarixi faktlarla tam uyğun gəlmir. O qeyd edib ki, tarix boyu baş verən böyük müharibələrin əsas səbəbləri iqtisadi maraqlar, ticarət yolları, logistika imkanları və siyasi üstünlük uğrunda mübarizə olub. Məzhəb fərqləri isə bir çox hallarda yalnız bəhanə rolunu oynayıb.

Araşdırmaçı jurnalist Səfəvilər dövlətinin qızılbaşlıq təriqəti üzərində qurulduğunu xatırladaraq bildirib ki, həmin dövrün dini və ictimai reallıqlarını sonrakı əsrlərdə formalaşmış dini ənənələrlə eyniləşdirmək doğru yanaşma deyil. Onun sözlərinə görə, bu gün müşahidə olunan bəzi dini mərasim və ayinləri birbaşa Səfəvilər dövrü ilə əlaqələndirmək elmi əsaslardan uzaqdır.

Arzu Qazıyeva hesab edir ki, tarixi keçmiş öyrənilməli, müzakirə edilməli və obyektiv şəkildə araşdırılmalıdır. Lakin tarixi şəxsiyyətlərin və dövlətlərin qərarlarını yüzilliklər sonra müasir dövrün meyarları ilə “səhv” və ya “doğru” kimi qiymətləndirmək elmi yanaşma hesab edilə bilməz. Onun fikrincə, hər bir siyasi qərar öz dövrünün şərtləri və zərurətləri çərçivəsində dəyərləndirilməlidir.

O qeyd edib ki, Şah İsmayılın Azərbaycan torpaqlarını vahid hakimiyyət altında birləşdirmək məqsədilə qızılbaşlıq ideologiyasına söykənməsi həmin dövrün siyasi reallıqları ilə bağlı idi və bu qərarın qiymətləndirilməsi də məhz o dövrün şərtləri əsasında aparılmalıdır.

Araşdırmaçı jurnalist həmçinin “əgər Səfəvilər dövləti yaranmasaydı nə olardı?” kimi sualların tarix elminin metodologiyasına uyğun olmadığını bildirib. Onun sözlərinə görə, tarix fərziyyələrə deyil, baş vermiş hadisələrə və faktlara əsaslanır.

Sonda Arzu Qazıyeva vurğulayıb ki, Azərbaycanın yüzillikləri əhatə edən dövlətçilik tarixi ölkənin ən mühüm sərvətlərindən biridir. O bildirib ki, bu irs öyrənilməli, qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Jurnalistin fikrincə, tarixə münasibətdə əsas məqsəd keçmişdən nəticə çıxarmaq və dövlətçilik ənənələrinə hörmətlə yanaşmaq olmalıdır.


media-adspc

Bənzər xəbərlər