Avropa İttifaqı Şurası Ukraynaya vəsait ayrılmasını təsdiqlədi
Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən 3 milyard avro məbləğində səkkizinci müntəzəm ödənişin ayrılmasını təsdiqləyib.
ERAmedia RBK agentliyinə istinadla xəbər verir ki, bu məbləğin təxminən 800 milyon avrosu ilk dəfə olaraq Ukraynaya dəstək krediti (“Ukraine Support Loan”) çərçivəsində təqdim ediləcək. Ödəniş Kiyev tərəfindən plan üzrə nəzərdə tutulan 10 şərt yerinə yetiriləndən sonra təsdiqlənib. Məlumatda qeyd olunur ki, bu vaxta qədər Ukrayna üçün tələb olunan 95 zəruri addımdan 84-ü, yəni təxminən 88 faizi yerinə yetirilib.
Aİ Şurası, həmçinin Norveçin 1 milyard Norveç kronu, yaxud təxminən 92 milyon avro məbləğində əvəzsiz maliyyə yardımını plana daxil edib. Norveç “Ukraine Facility” proqramının ilk komponentinə vəsait ayıran Aİ-yə üzv olmayan ilk ölkə olub.
“Ukraine Facility” 2024-2027-ci illər üçün nəzərdə tutulmuş Ukraynaya maliyyə dəstəyi mexanizmidir. Proqramın ümumi həcmi 50 milyard avroya qədərdir. Bunun 33 milyard avrosunun kredit, 17 milyard avrosunun isə qrant şəklində ayrılması planlaşdırılıb. Vəsait makroiqtisadi sabitliyin qorunması, ölkənin bərpası və modernləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təmin edilməsi və islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.









