Dəyərlərin sükutu: İnsanlar niyə aqressivdir? - Rəsul Mirhəşimli yazır

- Rəsul Mirhəşimli
Bəzən insanlara baxıram və özümə sual verirəm: Bizə nə oldu? Niyə bu qədər aqressivik, niyə bir-birimizə inanmırıq? Yalan nə vaxtdan bu qədər adi, bu qədər rahat bir vərdişə çevrildi? Cavablar çoxdur, amma heç biri insanın daxilindəki boşluğu, etibarsızlığı, qorxunu tam izah edə bilmir. Bəlkə də bu sualların cavabını keçmişdə, itirdiyimiz dəyərlərdə axtarmaq lazımdır.
Əvvəllər insanlar bir-birinə daha yaxın idilər. Qonşunun evində işıq sönəndə hamı narahat olurdu, bir ailənin kədəri bütün məhəlləyə yayılırdı. Etibar, inam, sözün dəyəri vardı. Yalan danışan adamın üzü qızarırdı, insanlar həyasızlıqdan, utanmazlıqdan çəkinirdilər. Bu gün isə hər şey dəyişib. Etibar sarsılıb, insan artıq öz kölgəsindən belə şübhələnir. Elə bil hamı yalnız öz “canını qurtarmağın” dərdindədir.
Yalan insanlıq tarixi boyu hər zaman olub. Lakin bu gün yalan daha çox “uğur qazanmaq”, “imic yaratmaq”, “təhlükədən qaçmaq” kimi məqsədlərlə geniş yayılıb. Kapitalist sistemin təzyiqi altında insan özünü daim sübut etməyə məcbur hiss edir. Öz həqiqi mənliyini bəyənməyən insan saxta bir “ideal obraz” yaratmağa çalışır. Bu da yalanın gündəlik davranış tərzinə çevrilməsinə gətirib çıxarır.
Müasir həyatın sürəti, informasiya axını bizi yorub. İnsanlar bir-birinə empati ilə deyil, şübhə ilə yanaşmağa başlayıblar. Bir az fərqli düşünən, bir az “yad” görünən dərhal “digəri” kateqoriyasına salınır. Bütün bu proseslərin nəticəsində isə aqressiya meydana çıxır. Hər kəs öz içində boğulur, amma günahı başqasında axtarır.
Artıq yalan utanılası bir şey sayılmır. Əksinə, yalan insanın həyatını “dəyişdirən” bir bacarıq kimi təqdim olunur. Bəlkə də insan özünü sevmədiyi üçün yalanla saxta bir “ideal” yaradır. Amma bu saxta obrazın arxasında dərin bir boşluq gizlənir. Yalan axır-əvvəl insanın özünə qarşı işləyən bir zəhərə çevrilir.
Bugünkü şəhərləşmə və fərdiləşmə tendensiyası insanları yalnızlığa və rəqabətə sürükləyir. İnsanlar bir-birini rəqib kimi görür və bu da təbii olaraq aqressiyanı və etibarsızlığı artırır. Sosial mediada nümayiş etdirilən süni həyat tərzi, başqalarının diqqətini cəlb etmək uğrunda gedən mübarizə, kütləvi informasiya vasitələrinin manipulyasiyası fərdi psixologiyanı təsir edərək, insanları daha əsəbi və etimadsız hala salır.
Bu mənəvi tənəzzülün əsas səbəblərindən biri də sosial-iqtisadi təzyiqlərdir. Gələcəyinə əmin olmayan bir insan başqasına necə güvənə bilər? Günlük çörəyinə möhtac, işsizlik və ədalətsizlik içində yaşayan biri hansı əxlaqdan danışa bilər? Yaşamaq uğrunda mübarizə aparan biri üçün əxlaq bəzən “lüks” kimi görünə bilər. Müasir dünya sistemi insanı daim rəqabətə sürükləyir. Bu rəqabətdə isə mərhəmət, şəfqət, dürüstlük kimi dəyərlər “zəiflik” kimi qəbul olunur.
Bu dəyərlərin zəifləməsi təsadüfi deyil. Milli və dini kimliyə edilən hücumlar da bunun bir hissəsidir. İnsan dəyərlərini itirdikdə, kimliyini də itirir. Dini inanc, milli yaddaş insanı bir yerə bağlayan, ona istiqamət verən əsas ünsürlərdir. Bu bağlar qırıldıqda insan daha asan yönləndirilir, daha asan idarə olunur. Bu gün bir çox beynəlxalq güclər, media qurumları və qlobal mədəniyyət mərkəzləri bu dəyərləri məhv etmək üçün planlı şəkildə çalışır. Əsas məqsəd mənəviyyatsız, kimliksiz, hər şeyə laqeyd bir insan modelini formalaşdırmaqdır.
Bəs insanlar niyə bir-birinə qarşı aqressiv, etimadsız və yalançı davranırlar? Cavab təkcə fərdi psixologiyada deyil, bütöv sistemin və cəmiyyətin dəyişməsində gizlidir. Mənəvi dəyərlərin, milli və dini kimliyin zəifləməsi, iqtisadi və sosial sabitsizlik bu problemləri daha da dərinləşdirir.
Və sonda bir sual ortaya çıxır. Bu xaosun içində insanlığımızı necə qoruyacağıq? Cavab bəlkə də keçmişdə gizlidir. Qapısını açıq qoyan qonşuda, yalanını utanaraq etiraf edən insanda, bir tikə çörəyi paylaşan ailədə, bir zamanlar insan olmaq naminə yaşanan o səmimi dəyərlərdə…
İnsan dəyişir. Zaman da dəyişir. Amma dəyişmək dəyərləri itirmək demək deyil. Əksinə, bu dəyişim içində mənəvi dayaqlara daha çox ehtiyacımız var. Çünki dəyərlər itdikdə, insanlıq da itib gedir.










